“Asudə vaxtımda turistəm”

“Asudə vaxtımda  turistəm”
  02 Aprel 2014    Oxunub:1717
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin qalibi Ayaz Əhmədzadənin rəhbərliyi ilə “Asudə vaxtımda turistəm” adlı layihənin icra planına uyğun olaraq Xəzər Universitetində maarifləndirmə təlimi keçirilib.

AzVision.az xəbər verir ki, tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış layihənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə kömək olmaqdır. Bu məqsədlə keçirilmiş təlimdə tələbələrə ölkənin uğurlu gənclər siyasətində Gənclər Fondunun rolu, asudə vaxtdan daha səmərəli istifadə yolları, bu məqsədlə turizmin müxtəlif sahələri ilə məşğul olmağın faydaları, mexanzmləri və istiqamətləri haqqında məlumat verilib.

Layihə çərçivəsində turizm sahəsində öz hüquq və vəzifələrini bilən gənclərin yetişməsinə dəstək olmaq məqsədi ilə tədbir iştirakçılarına bukletlər də təqdim olunub.

Təlim zamanı asudə vaxt nədir, asudə vaxtın səmərəli təşkili yolları, bunun üçün vacib olan amillər və faktorlar, asudə vaxtın təşkili ilə bağlı problemlər, Azərbaycanda turizm infrastrukturu, kimlər turist hesab olunur, turistin vacib sənədləri, turistin yaddaş kitabçası, turizmin inkişaf mexanizmləri, yaxın gələcəkdə turizm və gənclik kimi mövzular interaktiv metodlarla müzakirə olunmuş, "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu barədə məlumat verilib.

Tədbirin sonunda tələbə gənclərin asudə vaxtla bağlı, turizm imkanları və onlardan istifadə zamanı qarşılanan problemlərin aradan qaldırılması barədə təklifləri, rəyləri, təşəbbüsləri dinlənilib, turist səfərlərin stimullaşdırılması və intensivləşdirilməsi məqsədi ilə gənclər üçün güzəştli turların təşkil olunmasının vacibliyi qeyd edilmiş, sualları cavablandırıb.



Teqlər:





Xəbər lenti