`Xoşqədəmlə Zaurun verilişi bağlanmalıdır` - Millət vəkili

`Xoşqədəmlə Zaurun verilişi bağlanmalıdır` - Millət vəkili
  06 Oktyabr 2016    Oxunub:43197
Telejurnalist Xoşqədəm Hidayətqızının İmişlidə atanın qızını zəncirləyərək illərlə tövlədə saxlaması ilə bağlı hazırladığı sujet geniş müzakirələrə yol açıb. Mətbuat və sosial şəbəkələrdə jurnalisti buna görə dəstəkləyənlər, həmçinin tənqid edənlər də var.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyyə Naxçıvanlı sözügedən olayla bağlı AzVision.az-a fikirlərini bölüşüb. Deputat bildirib ki, Xoşqədəm Hidayətıqızı İmişlidəki hadisə üzərində şou yaradıb, insanların hisləri ilə oynayır.

Millət vəkili jurnalistin təqdim etdiyi verilişi də tənqid edib: “Hansısa rayonda, kənddə anormal hadisə baş verirsə, bunu dünyaya car çəkmək doğru deyil. Bu kimə lazımdır?! Bütün dünyada belə hadisələr olur. Mətbuat, televiziyalar yaxşını qoyub, harada sensasiya sayılan hadisə varsa, onu işıqlandırmağa can atır”.

A.Naxçıvanlı vurğulayıb ki, Xoşqədəm Hidayətqızı və aparıcı Zaur Baxşəliyev insanların hissləri üzərində şou yaradır, özlərinə reytinq qazanırlar: “Onların verilişləri reytinq üzərinə qurulub. Belə verilişlərin kimə nə faydası var? Elə proqramlar hazırlamaq lazımdır ki, adət-ənənələrimiz, mədəniyyətimiz təbliğ olunsun. “O onu döydü”, “tövlədə saxladı, zəncirlədi”, “başını kəsdi” və bu kimi hadisələr bizə lazım deyil”.



Deputat hesab edir ki, belə verilişlər insanları daim stress və gərginlikdə saxlamağa məcbur edir. “Onlar insanlara stress yaşadırlar. Televiziya qabağında yaylıq alıb ağlamağı öyrədirlər. 10 milyonluq əhalisi olan dövlətdə axmağı da, narkomanı da, xəstəsi də, dəlisi də var. Niyə biz yaxşıların içərisindən ən pisləri tapıb cəmiyyətə göstərməliyik? Bununla insanları stress, gərginlikdə saxlayırıq. Nə üçün? İnsanların psixikasını, əhval-ruhiyyəsini bilərkdən poza bilmərik. Əgər Xoşqədəm xanım İmişdə belə halla rastlaşmışdısa, efirə vermədən həll etməli idi. Bütün dünyaya çar çəkməyin nə mənası var”.

Xanım deputat daha sonra qeyd edib: “Xoşqədəm veriliş aparır və halı pisləşir. Onun doğrudan da əsəbləri elə verilişləri aparmağa dözə bilmirsə, aparmasın. Əhalinin gözü önündə dərman istəməyin və onu efirdə verməyin nə adı var? Ümumiyyətlə Zaur və Xoşqədəmin verilişləri nəyə lazımdır. Onların verilişləri bağlanmalıdır. İnsanların hisləri ilə oynayırlar. Şou xətrinə bunu etmək olmaz. Bu, insana başucalığı gətirmir. Sensasiya yaratmağa ehtiyac yoxdur”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti